• Polis haqqında xatirələr və dəyərləndirmələr

    Polis haqqında xatirələr və dəyərləndirmələr

    Həzrəti-Əli deyirdi ki, bir adamın 70 eybi varsa da belə, onu onda olan 1 yaxşı keyfiyyətinə görə bağışlayın! Və... dəyərləndirin!
    Söhbət əgər bu gün Azərbaycan polisindən gedirsə, tam əksidir – bizim polisin 70 yaxşı keyfiyyəti var, cəmi 1 pis...


    Beləliklə,

    mənim polisim məni qoruyur(du), yoxsa məndən qorunur(du)?

    Mən qorxaq kişinin oğluyam, nəvəsiyəm, nəticəsiyəm, qorxaq kişilərin qardaşı oğluyam. Amma haqqı-nahaqqa verməyən genin daşıyıcısıyam!
    Mən... xunxar, “no-xoroşo” bilməyən, latayır, ağzıpərtov genin südünün daşıyıcısıyam!
    Amma... bu tərəfdən də - süddən haqqı-nahaqqa verməyən genin daşıyıcısıyam!
    Hesabnan ikili xarakter, ikili şəxs(iyyət) olmağım normal – mənim günahım deyil ki, Atam gedib Anamı seçib alıb!
    Atam qardaşımı çox istəyirdi, əzizləyirdi – yazını fb-də, saytda mən yazıram, kənddə o qorxur!
    Anam məni çox istəyirdi – mən südə çəkdim!
    SÖZARASI: dostlar bilir ki, ən pis söyüşüm “südü, südünün, südünə, südündə, südündən” silsiləsidir!
    Əslində, Elman Nəsirov demiş, ermənilər kimi, qorxa-qorxa, əyilə-əyilə gəzməliydim bizim iqtidarın mahiyyətini anlayanda! Amma və lakin...

    “Yaşasın, Azərbaycan polisi! Allah sizi bizim üstümüzdən əskik eləməsin!”

    Təbii ki, külli-Azərbaycanı onda “mili(t)sioner”lə, sonra və indi polislə qorxudublar! Deyim ki, qorxu hissini anamın bətnində yaddan çıxarıb saxladığımdan (hətta axmaqlıq dərəcəsində!), qorxmamaq hissi bir neçə halda uğur gətirsə də, çox vaxt da məni hörmətdən salıb, bu ayrı məsələ, deməyim o ki... şəxsən polislə təmasda olandan sonra, nə polisdən qorxmaq e, hətta əməlli-başlı polisimizi sevdim! Yarımbaşlığa çıxardığımı da haçan, harda görsəm ki, polis vəzifə başındadı, növbə çəkir, ictimai asayişi qoruyur, karantin və fövqəladə vəziyyət rejimini təmin edir, elə deyirəm! Halımdan və gördüyüm vaxtdan asılı olmayaraq (o qədər şahidim var, biri Orxan Saffari!)...
    Deməli, polislə yaxınlıq, tanışlıq eləməsəm də, elə niyyətim olmasa da, peşə və xarakter məcbur etdi. Hətta qanundan erməni türkdən qorxan kimi qorxan Atamın deməyi də kara gəlmədi: “Aydın, mənim adımı polisə, prokurorluğa, məhkəməyə salma”.
    Adını Avropa Şurasının, Azərbaycan SSR KP MK-nın, Ali Sovetinin, Nazirlər Sovetinin, Azərbaycan Respublikası Prezident Aparatının, Milli Məclisinin, Nazirlər Kabinetinin, Rusiya XİN-in sənədlərinə salmaqla bərabər, bir ucu Astara, Lənkəran, Sulutəpə, Nizami, Binəqədi, Səbayel, bir ucu da Moskva polisində tanımayan qalmadı!
    Beləliklə, tanış olaq:

    - Bəli, rəis...

    Polislə ilk tanışlığım Müvəqqəti Saxlama Kamerasını... Astarada görəndə oldu!
    Etibar Cəbrayıloğlu demiş, Astara polisi 70 ildə bir dənə kubok qazanmışdı (o da yanğınsöndürmə üzrə), onu da Aydın sındırdı!
    İ...l adında polis böhtan atmışdı, tutub yemək süfrəsi arxasından gətirib salmışdılar “kepeze”yə, İbrahim adında da polis (Azərbaycanın çox savadlı, ləyaqətli, mübariz, peşəkar polislərindən biri, Kəpəz, Yardımlı, Astara rayonlarında rəis, sonra 7 il Astara rayonunun icra başçısı, hazırda ADA-da müəllim olan İbrahim Quliyev) həqiqətin və ədalətin tərəfində duraraq, hətta bulaşmış ağ köynəyiməcən dəyişdirtdirib, dünən nə yemişdimsə, təzədən həmin süfrəyə qonaq edib – xüsusi vurğulamaqla ki: bir araqdan başqa (şahid: İltifat Əhmədov, Ağəddin Babayev, Sərraf Talıbov, Gülağa Cəfərov)!
    Niyə?
    1992-1993-xü illərdə Astarada kriminogen vəziyyət həddən artıq gərgin olub və daxili işlər naziri İsgəndər Həmidov vəziyyəti qaydaya salmaq üçün bacarıqlı, səriştəli, peşəkar zabit kimi İbrahim Quliyevi ora təyin etmişdi!
    Təsəvvür edin, Astara polis bölməsində “KPZ” yoxdur, tutulanları aparırlar Lənkərana, Lənkəranda da... buraxırlar!
    İlk olaraq, “kpz” tikdirməkdən başlayan İbrahim müəllim başlamışdı... “va-bank” getməyə. Heç kimi vecinə almırdı: şappaşap tuturdu, dəmir aparanları, mis daşıyanları, silah işlədənləri. Təbii ki, köhnə mafiozilərin Astara cəbhəçilərinə “podxod”u vardı və “başa salırdılar” ki, İbrahim Quliyev "təhlükəli" adamdır, deməkdənsə ki, qanunu, asayişi bərpa edəcək tək adamdır!
    Sözsüz ki, yerli müxbirlərin nə köhnələri, nə də təzələri cəsarət eləmirdilər polislə həm cəbhəçilərin, həm də kriminal dünyasının nümayəndələrinin arasına girməyə və əlbəttə ki, “Azadlıq”ın bir “va-bank” gedən müxbiri Aydın Canıyevi tapmaq lazım idi! İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Novruz Hacızadənin şahidliyiylə cəbhəçilərin bütün suallarını götürüb getdim qəbula. Bir səhifə... İbrahim Quliyevin uğurlu fəaliyyətindən yazı yazdım! İttihamlara cavablar da içində olmaq şərtiylə!
    İndi yazını götürüb yenə gəlmişik İbrahim müəllimlə görüşməyə. Baxıram ki, İbrahim müəllim inanmaq istəmir ki, “Azadlıq”da onun gördüyü işlərə, fəaliyyətinə belə yüksək dəyər verilən yazı gedib. Axı ona mane olan elə cəbhənin bir qanadıydı, Əli Kərimliyə yaxın olmaqlarını orda-burda deyənlər idi, bəs nə təhər oldu?
    – İbrahim müəllim, “Azadlıq” həm azad insanların, həm də həqiqətlərin qəzetidir!
    İbrahim müəllim... başlayır palazqulaq 500 minlik rus rubllarını sayıb mənə uzatmağa!!!
    - Rəis, indi mən burdan çıxıb gedəcəm o cəbhəçilərin yanına, onlar da mənə deyəcək ki, pul alıb yazmısan, onda da mən deyə bilməyəcəm pul alanın da anasını, pul verənin də! Həqiqəti yazana yox, yalana həqiqət donu geyindirənə pul verərlər, təşəkkür edərlər!
    Bax buna görə... İbrahim Quliyev “kimlərinsə” (əslində özü bilirdi kimlərin, mən sonradan bildim) sifarişi ilə məni şərləyib stol dalından götürüb “kpz”-yə salanın “Rəis, sizin ananızı söydü” sözünə inanmadı!
    O deyirsiniz e, polis adama yalandan deyir kişi sözü, yalandan and içir, yalan deyirsiniz, polis o sözü kişi olmayana, yalan danışana elə deyir!
    Bir kəlmə dedim:
    - Rəis, heç bir etirazım yoxdur, yalandan "sizin seyid ananızı söydü” sözünü deyən adam düz deyirsə, mənim söyən dilim, o söz çıxan boğazım yox olsun, yalan deyirsə, onun dili, boğazı yox olsun!
    Sonra... İbrahim müəllim yuxarıda yazdığımı elədi... və bir də... 40 gündən sonra axtarıb tapdırdı, üzümə duran polisi göstərdi: boğazını əməliyyat edib, şlanq taxmışdılar! Nə ona, nə mənə heç nə demədi, sadəcə, bizi bir də bəhanəylə qarşılaşdırdı!
    Mənim tanıdığım ikinci şərəfli bir polis də elə Astara bölməsindən oldu: Mirəli Əhmədov! Allah rəhmət eləsin, hüquqi bilikləri, əməliyyatçı məharəti, dönməzliyi ancaq rəğbət yaradırdı. Onun dünyagörüşünə, savadına, siyasi bilgilərinə, ədəbi zövqünə heyran olmamaq mümkün deyildi! Polisi ucdantutma ittiham edənlərin qabağına elə tək Mirəli Əhmədovla – S.M.Kirov adına ADU-nun hüquq fakültəsinə 4... “5”-lə qəbul olunan bu yetim oğlanla elə çıxaram ki!
    Simfonik lövhə ilə simfonik etüdü heç ADMİU-nun müəllimləri, filologiyanın professorları onun kimi anlaşıqlı və sadə izah edə bilməzdi! Məcəllələrdəki bütün dəyişiklikləri, siyasi həyatdakı bütün çıxışları, musiqi, incəsənət, ədəbiyyat yeniliklərini saatlarla danışardıq! Arada mənə hirslənərdi ki, nə küllənirsən burada, rədd ol get, olmalı olduğun yerlərdə ol! Gah o dayın üçün xahişə gəlirsən, gah bu dayın üçün, gah da özün vurub sındırırsan, soxurlar içəri!
    Son dəfələrdən birində - Lerikdən və Beyləqandan rəislikdən sonra, haqqının yeyilib, haqqının tapdalanıb sərəncama götürüldüyü dönəm idi – 1996-cı ildə Lənkəran polis bölməsinin qabağında rastlaşdıq, niyə gəlmisən soruşdu, dedim, dalaşmışam, deyin buraxsınlar, girdi qoluma, gətirdi növbətçi hissəyə, müavin vardı, Fəxrəddin Əzimov, tələbəlikdən tanış idilər, ona dirəşdi ki, rəisə de, bunu bir ay qoysun içəri, ümumiyyətlə, Lənkəranda görünən kimi bunu qoyun içəri, 3 ildi deyirəm rədd ol buralardan, hər dəfə bir zibillə gəlir! :) Ən ağıllı və doğru sözü ondan eşitdim polis haqqında verdiyim suala görə (hardasa əməliyyat müvəkkili işləyirdi... polkovnik rütbəsində):
    - Rəis, sənə toxunmur, rəis müavini, iki rayonda rəis olmusan, indi əməliyyat müvəkkili, necə qəbul edirsən sıraya düzlənmədə olmağı?
    - Sən vətənin əsgəri olmağın şərəfini şöhrət və təkəbbürə qurban verirsən! Ay xuliqan, ay zırrama, polis əmrə tabedir! Vətənin əsgəridir! Hara dedilər, ora getməlidir!
    Və... ikilikdə bunu deyirdi – kimsə şahid deyildi, mən də müsahibə almırdım!
    İkinci belə tanıdığım səmimi insan polis rəisi Rafiq Abbasov oldu!
    Əlbəttə ki, Astara polisində mənim tanıdığım yaxşılar bu ikisiylə tamamlanmadı: Nizami Canıyevi də orda tanıdım (Astaradan İsmayıllıya, ordan da Masallıya gəldi), biləsuvarlı balası, sinif yoldaşımın tələbəlik dostu Kərəm və başqaları (onlar heç zaman istəməyib adlarını çəkim)...
    Astara sərgüzəştlərindən sonra Lənkərandakı polislərlə qürur duydum: Allahverdi Əliyev, Mehman Təhməzov, Sədaqət İsmayılov, Heydər Heydərli, Naib əmi!
    Əlikram Hümmətovu yaxalamışdılar, orden almışdılar, qılınclarının dalı da, qabağı da kəsirdi!
    Və... mənim dayılarımı topdan və pərakəndə qoymuşdular içəri!
    Qısaca deyəcəm: qardaşı Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, özü Lənkəranın, kim söz deyə bilər ki?
    Amma qəbula gəlib... dirəşmişdim e “dayımdı, dayımdı” deyə-deyə (bu barədə dəfələrlə bu və ya digər şəkildə yazmışam, indi özətini yazıram)!
    Axırda hirsləndi ki, biri jurnalistdi, biri deputatdı, biri icrada işləyir, indi heç kimi tutmayaq, pul qazanmayaq? Nə tutuquşu kimi deyirsən e, dayımdır, dayımdır, dayı nə deməkdir e, nə olsun? Gördüm day yeri yoxdur, dayılar da əldən gedir, jurnalistlik də, qayıtdım ki:
    - Rəis, dayı yeganə adamdır, adamın anasını s...evmir!
    Dayıların üçünü də buraxdılar – kaş buraxmazdılar!
    10 il Gədəbəyin hakimi olmuş İdris Əliyevlə Mehman Təhməzovun (indi general-mayor olmalıdır) yanına gedəsi olduq, daha doğrusu, İdris müəllim tanış eləmək istədi. Sözarası qayıtdı ki, piyada gəlməyə də imkan vermirlər, o saxlayır maşını, bu saxlayır, deyirəm piyada gəzmək istəyirəm...
    Mehman müəllimin çəkisi 150-dən çox olardı! Piyada da ona görə gəlirmiş ki, maşınını düzəltməyə veribmiş, 300 dollar pul lazım imiş, onda da bu pul yox imiş. Mənim yanımda polis deyir pulum yoxdur! Azərbaycanlı olasan, bu sözə inanasan? Amma Mehman müəllim deyəndən sonra inandım, hətta Əlövsət Əliyevin “mən iki rayonda rəis işlədim, dollar görmədim nə olan şeydi” deməyinə də - 2001-də e!
    Mehman müəllim deyəndə ki, 300 dollarım yoxdur, gözləmədim e, həmən:
    - Rəis, Lənkəran doludur narkomanla, tut da birini, qoy içəri, al 300 dolları, burax da, maşının da düzəlsin!
    Baxdı, baxdı və:
    - Canıyev, mən sənin yazılarını diqqətlə oxuyurdum, hər sözünün sanbalına “afərin” deyirdim, sən bu məntiqlə yazırsan? Sən eşitmisən polis rüşvət alır, amma alanın kim olduğunu bilmirsən, mən Mehman Təhməzov qəhbədən, narkomandan pul alan polis deyiləm! Mənim pulum var, amma artıq 300 dollarım yoxdur, qonaqlarım olur, xeyir-şərə gedirəm, uşaqlarımın ehtiyaclarını ödəyirəm, bu izafi ziyan oldu, ona görə...
    ANLADIM: biz deyirik “polis rüşvət alır, haqsızlıq edir”, ümumi deyirik, amma adını demirik, öyrəşmişik axı!!!
    Sonra mən söhbət əsnasında bildim ki, ilahi, Mehman müəllim Azərbaycan tarixini, Lənkəranın və ümumilikdə talışın tarixini necə gözəl bilir, 12 il hər gün övladlarıyla səhər tezdən durub dəniz qırağında qaça-qaça Azərbaycan himnini oxuyur!
    Onun Qazaxa, Xətaiyə, İnterpola rəis getməsinə ondan çox sevinmişəm, general rütbəsinə yüksəlməsini halal haqqı bilmişəm!
    Sözümün söz olduğunu ən gənc yaşlarımda mənə deyən oxucum olub Mehman müəllim!
    Mehman müəllim mənə otağında irad tutub danışandan sonra yığışdırdım həmən reaksiya verməyi. Mən elə o 1993-cü ildən AZƏRBAYCANLI SÖZÜnün NECƏ şərəfli olduğunu tərənnümə başladım! Çünki, Mehman müəllim danışdı bizə:
    - “Mamed”ə 8 min pul verirlər ki, get, Almaniyadan bir maşın al gəl. “Mamed” də gəlir Qazaxıstandan köçmüş bir almanı - Alfredi tapır və razılaşır “Mersedes”ini 6.800 markaya almağa. Alfredə deyir ki, al 8 min dolları, özün köçür banka, mən dili bilmirəm. Üstəlik də, 200 dollar da burdan qabaq düşərsən.
    Alfred:
    - “Mamed”, get pulu özün köçür, mənə dollar lazım deyil, bəlkə alman hökümətinə lazım olar, mənim 6800 markamı ver!
    “Mamed” birtəhər-bircür pulu köçürdür, çeki verir Alfredə, deyir ki, gəl gedək sənə qonaqlıq verim. Alfred:
    - “Mamed”, mənim 6800 markam var, sən mənə niyə qonaqlıq verəsən ki? Özüm harda nə yemək istəsəm gedib yeyərəm də! Sən kimsən ki?
    Uzun söhbətdən sonra 50-50-yə razılaşırlar.
    “Mamed” indi də istəyir ki, Alfred maşını sürsün, onu Almaniyadan çıxarsın, guya yolu tanımır.
    Alfred:
    - “Mamed”, o maşın artıq sənindir, mən onu sürə bilmərəm!
    “Mamed” görür bu Alfredlə alınmayacaq, axırda deyir ki:
    - “Kak mujçina k mujçine skaji, kakoy nedostatok v etoy maşine!”
    Alfred:
    - “Mamed”, kak mujçina k mujçine ya tebe niçeqo ne moqu skazat, no, kak nemets, qovoryu, sadis, yezjay, net v etoy maşine nedostatka!"
    Sözü alman kmi demək... kişi kimi deməkdən yaxşıdır! Düma demişdi e... “azərbaycanlıların dediyini imzalamaq, möhürləmək lazım deyil, onların sözü imzadır, möhürdür!”
    Biz hara gəlib çıxdıq, nə qədər dəyişdik, sözümüzü nə qədər urvatdan saldıq...
    Sonra.. Rafiq Abbasov rəis olanda...
    Gecə saat 1-in yarısı... sübut etməyə heç bir imkan yox, təkcə sözdən başqa!
    - Rəis, and olsun Ulu Öndər, dahi rəhbər, görkəmli siyasətçi, dünya miqyaslı şəxsiyyət, müasir Azərbaycanın memarı Heydər Əliyevin ruhuna və dərgahına ki, mən doğru yazmışam! Etirazı olan da, əksini desin!
    Və... mən Bakıya yola salınıram. Qapıdan çıxanda soruşuram:
    - Rəis, 11 gün qabaq əleyhinizə yazmışdım ən ağır tənqidi, indi də əlinizə düşmüşdüm, niyə cinayət işi açmadınız, icra başçısı da tapşırıb üstəlik...
    İndi general-mayor olan Rafiq Abbasov baş barmağını İlham Əliyevin portretinə tuşlayaraq:
    - Cənab prezidentin göstərişidir: jurnalistlərlə humanist davranın! Mən özümə görə vəzifəmdən, əlimə düşmüş imkandan istifadə edib, o göstərişi unuda bilmərəm!
    A kişi, gecə saat 1-in yarısıdır e, mən xuliqanlıq etmişəm, ictimai asayişi pozmuşam, aləmi qatmışam bir-birinə... nə qədər haqlı olsam da və niyə elə etsəm də, fərq etməz, amma adam heç bir şahid olmayanda bunu deyir!
    Üstündən az keçdi – bir ilmi, yoxsa nə qədər, Rafiq Abbasov artıq general idi və paytaxt polisinin rəisi!
    Polis bölmələrindəki saysız-hesabsız olayları bununla yekunlaşdırım: Nizami polisindən Elman Kazımovu tanıdım: intellektual, bacarıqlı əməliyyatçı, sonra, deyəsən, Qəbələyə göndərdilər!
    Sulutəpə, Binəqədi...
    Binəqədidən Cəbrayıl Vəliyevi tanıdım (Sabirabadda rəis oldu, indi də Salyandadır). Heydər Heydərli məni rüşvət almaq əməliyyatı ilə şərləmək istəyən iqtisadi inkişaf nazirliyinin idarə rəisinin üzünə qayıtdı dedi:
    - Siz nə danışırsınız e! Adam telefonda da, nümayəndənizlə təkbətək görüşəndə səsini yazdığınız kasetdə də pul təkliflərinizdən imtina edib, dünənin uşağı deyil e, 15 ildir Lənkərandan tanıyıram, pul qapısından ağlayıb qayıdıb, ayrı variant, ayrı bölmə tapın, o özü kimi istəsə tutdurar!
    Və... Cəbrayıl Vəliyevin mərdliyini gördüm! Cəriməni də özlərinə ödətdirdi, evə getməyə yolpulunu da verdirdi!
    Nəhayət... Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, indi general-polkovnik olan Məhərrəm Əliyevin və qudasının, kürəkəninin əleyhinə “təkərə düşərək” yazdığım yazıların qarşılığı böyük bir planı darmadağın etdi. Ancaq... adam “onsuz da içən adamdır, yaxalayaq, aparaq Şüvəlana, “faber”ə qonaq edək” deyilməsinə (təklifi verən adam da hər zaman mətbuatda müdafiə etdiyim siyasətçinin qohumudur!!!) bir kəlmə deyib:
    - Dəyməyin, o, jurnalistdir! Sizin 100 minə edə bilmədiyinizi 10 “şirvan” qonorara bacardı! İndi ona nə olsa, bizim boynumuza yıxacaqlar (düzdür, bu fikrə gəlməsində Fikrət Hüseynlinin də rolu olub, amma qərarı adam özü verib!)...
    Hələ Moskva sərgüzəştlərini demirəm!
    ... Hələ məişət zəminində olanları demirəm!
    ... Hələ qohum-əqrəbaya görə olanları demirəm...
    Hələ təkcə... özümə aid olanları deyirəm!
    Ayıq və oyaq momentlər bir yana, ən kondinsiyalı vəziyyətdə belə, polis mənə zor tətbiq etməyib! İstisna... 2006-cı ilin 23 fevralında icra hakimiyyətindəki insidentdən sonra konkret adamları adbaad ana-bacı söyüşü ilə söyəndə növbətçi olan Mətləb adlı polisin (səhv etmirəmsə, Lənkəran rayonunun Girdəni kəndindəndir) bir şillə vurması olub – haqlı saydım onu!
    Hətta 2011-ci ildə qız zorlanan məscidin pəncərəsini sındırandan sonra məni hadisə yerindən götürən polis Famil Həsənov qızmış adamların içindən üstümə cumanların qabağını alıb!
    Yekunlaşdırım: bəli, polisin 70 üstün keyfiyyəti var, bir mənfi cəhəti: iqtidarın əleyhinə olanları tapdayır! Neyləməlidir, imkan verməlidir ki, hakimiyyəti...
    ... Bu yaxınlarda bəlli təhqirlərinə görə əliBEÇƏlərə cavab yazmışdım. Onlardan biri götürüb bir müddət birgə yaşadığım xanıma bilirsiniz nə yazıb?
    “Bütün ehtiyaclarını ödəyərik, nə problemin olsa, həll edərik, yemək-içməyi də biz alıb verərik, sən, sadəcə, Aydınla görüşürsən həmişəki kimi, onu həvəsləndirirsən, içir, açarını itirir, onun başını qoyursan öz paçana, çəkib verirsən bizə!”
    Bunu o xanımı mənim yubiley tədbirimdə iştirak edib görən məxluqat yazıb... Əli Kərimlini tənqid etdiyimə görə!
    20 il qəzetləriylə əməkdaşlıq etdiyim vaxtda mənə qonorar tapıb verməyə kişiliyi çatmayanların... nümayəndəsi!
    Bir dəfə - 1999-cu ildə dost bildiyimin namərdliyini görəndə demişdim bu sözü: “mənim məşuqəm mənim dostlarımdan çox-çox kişidir!”
    Həmin adamlardır, həmin “xalq”dır! Heç dəyişməyib!
    2001-ci ildə də belə idilər! Götürüb yazmışdılar: “Elçibəy yazısına görə biz ona fiziki cəza da verə bilərik!”
    Az sonra elə “Azadlıq” qəzetində yazdım o adama: elə ona görə hakimiyyətə gələ bilmirsiniz! Birləşə bilmirsiniz! Məhərrəm Əliyevin yanında olan şkaf kimi oğlanlar yerlərindən dursalar, havası məni toz edər, amma o deyir ki, dəyməyin, jurnalistdi, siz fiziki cəzadan danışırsınız!
    Anlata bildimmi, əzizlərim, mənim və bizim polisimiz olmasa, bir-birimizi yol gedə-gedə, yolda... zorlayarıq!?
    Ona görə də... bu gün təhlükəsiz yaşadığınız həyata görə minnətdar olduğunuz insanlara – doğmalara, əzizlərə, yəni... polislərə layiq olduğu sayğını göstərin, dəyəri verin və unutmayın: onlar elə bizim özümüzdür!
    ... Rusiyada jandarma aqressiyaya görə fikirləşirlər ki, daxili işlər orqanlarında işləyənlərə nə ad qoysunlar, minlərlə təklifdən biri də bu olur: “militsiya” - “milıe litso”.
    İndi adına “politsiya” (“polietia” - ədaləti bərpa edənlər) dediyimiz doğmalarımızın əziz və sevimli üzlərini görək, onlara rus jandarmına və fars ajanına olası nifrəti bəsləməyək.
    Hər birimizin həyatında müstəsna xidmətləri, xilaskarlıqları var!
    Qisası qadın əliylə almaq istəyən dümbələklərin “dudka”sına gedib polisimizi aşağılamayaq!
    Ən azından, ölkənin JURNALİST, HƏKİM, MÜƏLLİM, ƏLQƏRƏZ, HƏR İXTİSAS VƏ PEŞƏ ÜZRƏ əclafları var, rüşvətxoru var, onlara necə baxırıqsa, polisdə olan elələrinə də elə baxaq.
    Amma və lakin... unutmayaq... biz onlara borcluyuq təhlükəsizliyimizi. Onları “müxalif” adıyla əlli yerə işləyən siyasi fahişələrimiz məcbur edir... İlham Əliyev iqtidarını dəstəkləməyə! Bizdən də savadlı, bizdən də intellektli, bizdən də vətənpərvər, bizdən də sayca çox... bu vətənin azadlığını istəyən, demokratiya arzulayan polis var, fəqət... biz çalışmırıq ki, onlar bizimlə olsunlar, onları biz edə bilmirik!
    Namus-qeyrət məsələsinə gələndə... polisdəki oğlanlar bizim namusumuzun-qeyrətimizin keşiyində bu bədnam müxaliflərdən daha çox dururlar!
    Təkcə bir ərizə Ramil Usubova yazandan sonra, Vilayət Eyvazova nəzarətə ünvanlanmışdı. Bu gün mən bir daha həmin prosesə görə təşəkkür və təbrik edirəm: Ramil Usubova, Vilayət Eyvazova, Mirqafar Seyidova, Nazim İsmayılova, Yasin Mikayıllıya, 28-ci bölmənin Kəlbəcərdən olan Etibar adlı müavininə!
    Ta əvvəldən isə... İbrahim Quliyevə, Allahverdi Əliyevə, Rafiq Abbasova, Əflatun Həsənova, Fuad Mustafayevə, Elman Kazımova, Elxan müəllimə (mən həbs olunanda Lənkəranda rəis idi), hələ mənim onları tanımağımı bəyan etməyi istəməyən neçəsinə...
    SON:
    Mənim kəndimin iki polis zabiti olub – Sübhan kişi sovet vaxtında Arxangelskdə DİN-də işləyirdi, onu kapitan rütbəsində görmüşdüm uşaq olanda, Oğul müəllim (Oģul Kərimov) bütün Azərbaycanda sevimli polislərdən biridir!
    Sinif yoldaşım Şahbaz isə kəndimizin indi pensiyada olan polis nəfəridir!
    Hər üçünü təbrik edirəm – şərəfli və ləyaqətli olduqlarına görə!
    Fb dostlarımın polis olan qohum-əqrəbasını da həmçinin - əminəm: onların içində xalqın əleyhinə olan bir nəfər də yoxdur!
    YAZIYA SÖZARDI: Nə qədər bizim indiki polis var, rahat yeyib-içmək olar, 35 ildə hələ görməmişəm ki, insanı, insanlığı, insanların ruh halını nəzərə almasınlar! Əlbəttə ki, siyasi məsələlər istisnadır!
    “Hər gözəlin bir eybi var”, - deyirsiniz, sonra da istəyirsiniz ki, polisin heç bir eybi olmasın! Onu da hələ bilmək olmaz ki, bizim “eyib” dediyimiz doğrudanmı eyib olar tarix qarşısında, yoxsa... o da elə doğruların daha biri!

    Təbriklər, Azərbaycan polisi!

    AYDIN CANIYEV


    Facebook-da paylaş


MədəniyyətBütün Xəbərlər