• Sabirabaddakı vandalizmə POLİS və PROKUROR DƏSTƏYİ

    Sabirabaddakı vandalizmə POLİS və PROKUROR DƏSTƏYİ

    Bu yazı saytlarda yayımlanmaqdan çox,

    Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə,
    Azərbaycan Respublikasının Daxili İşlər Naziri Vilayət Eyvazova

    loru dillə desək, həmin hüquq-mühafizə orqanlarının mətbuat xidmətlərinin rəhbərləri tərəfindən oxunmaq üçündür – isti yay günlərində paytaxtın mərkəzində sərin otaqlarında midilənən aidiyyatı şəxslər heç üstlərinə qonmayan milçəyi də qovmurlar və biz ümidvarıq ki, day o qədər də ərinməzlər! Ki... oxusunlar və nəzərə çatdırsınlar, məlumat versinlər cənab və hörmətli Baş Prokurorun, sayğıdəyər Daxili İşlər Nazirinin tükləri tərpəndimi, ya yox!?

    Qısaca çatdırdığımız olay Afrikanın mambo-mambo qəbiləsində və yaxud Ruanda, Somali sahillərində baş verməyib, heç erməni silahlı qüvvələri də bunu təmas nöqtələrimzdə törətməyib! Oralarda olanları oxuyanda deyirik ki, dallarında beynəlxalq güclər durur, nə bilim, geopolitik maraqlar toqquşur!

    Olay Azərbaycanın tam göbəyində - çölləmə Sabirabadın ipləmə qudurğanları tərəfindən törədilib və artıq demək olar ki, bu olay baş verəndə dalında durmasalar da, indi... sinələrini qabağa verib... deyirlər ki, gedin tullanmağınızın dalınca! Efirdə dediklərinizi heç haramıza alası deyilik və heç nə də olası deyil!
    Bu mövqeyi nümayiş etdirənlərin adını yazırıq ki, AR Baş Prokurorunun və AR DİN mətbuat xidmətlərinin rəhbərlərinin dili topuq vurmasın... məruzə edəndə!

    Sabirabaddakı vandalizmə POLİS və PROKUROR DƏSTƏYİ

    Beləliklə, vandalizmə göz yumanların, faktiki də olayı ört-basdır edənlərin adlarını yazırıq: Sabirabad rayonunun prokuroru Fəxrəddin Pənahov, Sabirabad rayonunun polis rəisi Namiq Camalov və onun yenicə təyin olunan müavini Anar Məmmədov, təhqiqatçı polis baş leytenantı Malik Nuriyev...

    Sabirabaddakı vandalizmə POLİS və PROKUROR DƏSTƏYİ

    Azərbaycan Respublikasının vətəndaşı, rayonun Muradbəyli kənd sakini, ziyalı övladı, 4 uşaq atası Mahmudov Tufan Abdulla oğlu icarə müqaviləsi ilə sürdüyü maşını Muradbəyli kəndində toyda iştirak etmək üçün dostu Əliyev Müşfiq Əslan oğlunun həyətində qoyub, gedib el məclisində iştirak etməyə!
    Toyda küsülü olduğu Babayev Loğman Qabil oğlu onu yemək yeyərkən videoya çəkib, bu da tufan qoparıb ki, “məni nəşə (yəni: nəyə görə) və nöhün çəkeysən?”
    Yaxalaşıblar, süpürləşiblər, ayrılıblar - bildiyimiz adi kənd toyu məğlətəsi, yəni...

    Sabirabaddakı vandalizmə POLİS və PROKUROR DƏSTƏYİ

    Amma elə həmin Loğman Babayevin əmisi oğlu Orxan Natiq oğlu bunu şərəf və ləyaqət məsələsi sayaraq, yəni Tufan kimdi ki, bizim tayfannın nümayəndəsinin hərki-hərkiliyinə etiraz etsin, götürüb balta, bıçaq, qayçı, düşüb Tufanı axtarıb yortmağa! Bildikləri bu olub ki, Tufan Mahmudovun maşını dostunun həyətindədi, yəqin də ki ora gələcək. Tufan da xəbər tutanda ki, bunlar baltalı-bıçaqlı-qayçılı üzüb düzməyə gəlir, qaçıb gizlənməklə canını qurtarıb! Qızmış Orxan isə əvəzində əmisi oğlu Loğmana “yandır maşınını, dalında durmuşam” deməklə çıxıb!

    Sabirabaddakı vandalizmə POLİS və PROKUROR DƏSTƏYİ

    Od vurub adamın maşınını yandırıblar!
    Dəyən ziyanın miqdarı hesablanıb üzəvari: 1495 manatdır! Tam ziyan təmir işləri aparılanda bilinəcək! Dərd heç bu da deyil!
    Maşın polisin həyətində, Mahmudov Tufan Abdulla oğlunun şikayət ərizəsi və hadisəni təfsilatı ilə açıqlayan izahatı polis şöbəsində... fəqət, təhqiqatçı Malik Nuriyev Cinayət Məcəlləsinin uyğun maddələri ilə cinayət işi başlanması üçün əldə olan əsaslı faktları və məlumatları bir kənara tullayır, cinayət işi başlanmasını rədd edir.
    Təzə təyin olunan müavin Anar Məmmədov ümumiyyətlə vəzifə səhlənkarlığının və bürokratizmin bariz nümunəsidir, çünki... rəis Namiq Camalov belə “xırda” olaylara görə özünü narahat etmir!
    Faktiki isə... AR CM-in 120.1, 186-1 maddələri adama gəl-gəl deyir!
    Ortada ən azı dörd hal şahidi var, lazım gələrsə, kəndin yarısı da şahid durar!
    Ancaq Sabirabadın hüquq-mühafizə orqanlarını təmsil edən işçiləri görməzdən gəlirlər, ona görə ki, Babayev Orxan “bəndatma Natiq” deyilən birinin oğludur. Adam Sabirabadda həm at oynadır, həm də prokuror, həm də polis rəisi!

    Sabirabaddakı vandalizmə POLİS və PROKUROR DƏSTƏYİ

    Açması bu: eyni tipli hadisə 2011-ci ildə Lənkəranda törədilib, onda orda yandırılan kafe idi! Kafeni yandıran iki qardaşdan biri həbsə getdi, o birisi də iştirakçı kimi cəzalandırıldı! İndi iki qardaş – iki əmioğlu nəinki sərxoş, lap belə ayıq vəziyyətdə hücum edib, adamın maşınını yandırıblar, özünü öldürməyə cəhd ediblər, amma Namiq Camalovun təhqiqatçısı Mahmudov Tufan Abdulla oğlunun müraciəti əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanmasını rədd edir!

    Sabirabaddakı vandalizmə POLİS və PROKUROR DƏSTƏYİ

    Adama deyərlər: “niyə, a bala?”
    Amma bu “niyə, a bala” sualını vermək səlahiyyəti də yalnız Baş Prokuror və Daxili İşlər Nazirindədir! Onçun da belə yazdıq: soruşun cinayətin ört-basdır edilməsinə imza atmış Malik Nuriyevdən. Ki... sən nədən Natiq Qoca oğlu Babayevin özünü və cinayətkar oğlunu cinayət məsuliyyətindən yayındırırsan? Sən Natiq Qoca oğlunu niyə qanunlardan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa efirdən etdiyi xəbərdarlıqdan yayındırırsan? Ola bilər, cənab Prezident o məlum çıxışını edəndə Malik Nuriyev hardasa “Suqovuşanda”mı, ya “Ana Kür”dəmi “bəndatma Natiq” əmisiylə yüz-yüz vurub, xəbəri olmayıb, amma biz eşitmişik axı cənab Prezident deyəndə: “Qudurğanlıq edən məmur balaları həbs olunacaq, özləri də cəzalandırılacaq”.

    Sabirabaddakı vandalizmə POLİS və PROKUROR DƏSTƏYİ

    Malik Nuriyev, görəsən, Azərbaycanda hansı səlahiyət sahibidir ki, AR Prezidenti İlham Əliyevin xəbərdarlığını da heç harasına almır? – doğrudandamı, Sabirabad RPŞ Təhqiqat bölməsinin əməkdaşı AR Prezidentindən üstün səlahiyyətə malikdir ki, Meliorasiya İdarəsinin vəzifəlisinin özünü və oğlunu “əfv” edir?
    Bax, hörmətli mətbuat xidmətinin rəhbərləri, bunu aidiyyatı şəxslərə çatdırın, cavabı bizə deyin, biz də işimizi bilək!
    Yəni, birdəfəlik anlayaq, özümüzü Natiq Qoca oğlu Babayevdən, onun harın oğlu Orxan Babayevdən qoruyaq, qardaşoğlu Loğman Babayevin ədəbsizliyinə göz yumaq, uzaq duraq!
    Oldumu?

    Sabirabaddakı vandalizmə POLİS və PROKUROR DƏSTƏYİ

    Cavabınızı gözləyirik, mütləq və mütləq!
    Əminik ki, Tufan Abdulla oğlu Mahmudovu dörd uşağını götürüb gəlib Prezident Aparatının qabağında özünü yandırmağa çatdırmazsınız - belə deyir Tufan...
    Mən də çatdırdım!

    Aydın Canıyev,
    AYDIN-AS.AZ-ın baş redaktoru


    Facebook-da paylaş


MədəniyyətBütün Xəbərlər