• Bu gün “Səmimi söhbət”in qonağı, lap uşaqlıqdan tanıdığım, tələbə yoldaşım və həmyerlim İlqar Əlfioğludur


    Bu gün “Səmimi söhbət”in qonağı, lap uşaqlıqdan tanıdığım, tələbə yoldaşım və həmyerlim İlqar Əlfioğludur. Qeyd edim ki, İlqarın istəyilə biz bu gün söhbətimizin tam səmimi olması üçün bir-birimizə “sən” deyə müraciət edəcəyik. “Səmimi söhbət”imizin şahidi olmaq istəyənlərin hamısını bizi dinləməyə dəvət edirəm.

    Sual: Ilqar, sən sosializm dövründə yaşamış insanlardansan. O dövrdən bu günümüzə nəyi gətirərdin?

    Cavab: Çox şeyi. Bilirsən, əslində o quruluşun yaxşı cəhəti pisindən qat-qat çox idi, ona görə çox şeyi gətirərəm. Amma, bir-neçə ən zərurisini deyim. Əvvəla, arxayın həyatı. Kimsə sabah necə olacağından qayğılanmırdı. Kimsə düşünmürdü ki, birdən işdən çıxararlar, ailəm ac qalar, uşaqlarım təhsil ala bilməz. Kimsə sərvəti ilə fərqlənməyə ürək eləmirdi. Mən vəzifəli adamlar tanıyırdım ki, xalq bilməsin deyə, xarici siqareti bizim qutuya doldurub çəkirdi. Hamıya eyni təhsil veririldi, hamı işləyirdi. Bir gün işsiz qalsan, qapını döyürdülər, işə göndərirdilər ki, pis işlərin dalınca getməyəsən. Cəmiyyətin ən hörmətli insanları ziyalılar idi, alimlər idi, söz adamları idi. Pulu olanlar onlarla dost olmağı baş ucalığı sayırdılar. Məclisdə ziyalının sözünü kimsə kəsməzdi, yaxşı nə varsa, cəmiyyət onlara verirdi. Və böyük mənada, hamı bərabər idi – bağçaları eyni, məktəbləri eyni, institutları eyni, iş yerləri eyni, sanatoriyaları eyni, xəstəxanaları eyni, qəbirsanlıqları eyni. İnsanlara vahid xalq olmaq üçün xüsusi şərait yaradılırdı. İndi isə xalq olmaq üçün ancaq müharibə lazımdır, müharibədə birləşirik. Çünki, başqa birləşən yerimiz yoxdur. Nə isə, uzun məsələdir.

    Sual: Necə oldu ki, birdən birə İlqar Qasımov professional televiziya jurnalisti oldu?Axı sən şərqşünassan.

    Cavab: Bilirsən, atam söz adamı, anam müəllimə olub. Bizim ailələrdə, uşaqların əlindən heç nə gəlməsə də, yaxşı yazı yazmağımız genetikdir, yetər ki, məktəbdə babat oxuyasan. Mənim də jurnalist olmağım belədir. Anladım ki, bəlli şərtlərə görə, diplomat ola bilmədiyimdən, ailə dolandırmaq üçün ən asan və qazanclı yolu seçməsəm olmaz, junalist oldum. O vaxt jurnalistlər məvaciblə yanaşı, qonorar da aldıqları üçün, mənim gəlirim, idarə müdiri işləyən atamınkından üç dəfə çox idi... Amma, şərqşünaslığa gəlişim lap maraqlıdır. Özümü dərk edəndən, evimiz qonaq-qaralı olub. O dövrün ən böyük yazıçıları, şairlərini, alimlərini əmi-dayı gözündə görmüşəm. Adları saysam, vaxtını çox alaram, keçim əsas məsələyə. O qonaqların arasında bir az fərqli ləhcə ilə danışanlar diqqətimi çəkmişdi. Böyüdükcə, bildim ki, onlar Cənubi Azərbaycandan mühacirət etmiş ziyalılardır. Bir dəfə atamla söhbətim oldu, mənə dedi ki, bizim xalqın çox böyük hissəsi İranda yaşayır, çalış onlara həmişə mənim kimi diqqət edəsən. Soruşdum niyə, dedi ki, qəribdirlər, ev-eşiklərini qoyub gəliblər bura, qayğıya ehtiyacları var. Az sonra, bu insanların faciəli həyatı ilə də tanış oldum. Balaş Azəroğlu ilə Mədinə Gülgün bizə tez-tez gələrdilər, çox söhbət edərdik. İrana marağım belə yarandı, orta məktəbdə - 190-da fars dilini ikinci sinifdən keçdim, şərqşünaslığa girdim, hamı kimi, diplomat olamq istəyirdim, alınmadı, təyinatımı Tele-radionun Xarici Verilişlər şöbəsinə verdilər, İran və Cənubi Azərbaycan üçün verilişlər hazırlayırdıq. Yeri gəlmişkən, şöbəmizin adını İran Azərbaycanından Cənubi Azərbaycana dəyişmək üçün o vaxt əziyyət çəkən kişilər vardı...

    Sual: “Dalğa” verilişindən sonra Azərbaycanda çox populyarlaşdın. O dövrdə bu sənə necə təsir edirdi?

    Cavab: Hə, yaxşı veriliş idi ki, indi də xatırlanır. Amma, o verilişin gözəlliyi ərsəyə gəldiyi dövrün özündə idi. İnsanlar indiki kimi deyildilər, hələ sözə, söz adamına inanırdılar, bir növ, idealist idilər. 1988-ci il idi. Dalğa” qısa müddətdə o qədər populyar oldu ki, verilişin efirə getdiyi saatlarda Azərbaycanda cinayət demək olar ki, olmurdu. Bunu özümdən demirəm, rəhmətlik nazirimiz Məhəmməd Əsədov statistikanı vermişdi mənə.
    Əsas sualın şöhrətin təsiri barədə idi. Çox vaxt deyirlər ki, şöhrət və pul insanı korlayır. Məncə, korlanmağın onların heç birinə dəxli yoxdur, qan yaddaşın və tərbiyən düzgün olsa, heç vaxt korlanmazsan. Bu başqa məsələ ki, pul və şöhrət tərbiyəsizin öz tərbiyəsizliyini göstərməsi üçün münbit şərait yaradır, bir məhək daşı olur. Rəhmətlik babam deyərdi ki, kişinin pulunun olub-olmaması kənardan bəlli olursa, yolyerişini dəyişirsə, o adamdan kişi olmaz, bekara şeydir. Bu sözləri qulağımda əbədi sırğa eləmişəm, odur ki, ən şöhrətli “Dalğa” illərində belə, tanıyanlar bilir ki, dəyişməmişəm.

    Sual: Minlərçə pərəstişkarları olan bir insanın mütləq onu sevməyənləri, anlamayanları və sadəcə ona qibtə edənləri də olmalıdır məncə. Olubmu belə?

    Cavab: Gənc yaşlarımda elə bilirdim ki, məni hamı çox istəyir, çünki, mən hamını çox istəyirdim. Yadımdadır, televiziyada işləyəndə, “Dalğa” zamanı da yoldaşlarımın probleminə biganə qala bilmirdim. Tez-tez, rəhmətlik Elşad müəllimə müraciət edirdim ki, icazə ver, filankəsin ev problemi ilə-filan məşğul olum. O da, sağ olsun, heç vaxt mane olmazdı, çünki xeyirxah adam idi, hamını yaxşı görmək istəyirdi. Mən də bilirdim ki, adi aparıcı olsam da, hansı işisə açırmaq imkanım həmişə sədrinkindən çox olub, çünki hamı tanıyırdı məni. Beləcə, xahiş edib, xeyli adamın çətinini asan etdim, hətta, hökümətdən ev də aldım. Bir dəfə də, Elşad müəllimin yanına təzə xahişə gələndə, dedi, otur, sənə sözüm var. Əyləşdim, soruşdu ki, böyük kollektivdə işləyirsən, səncə, səni burda neçə adam istəməz? Dedim, hamı istəyir, tək-tük varsa da, xəbərim yoxdur, çünki, mən hamını istəyirəm. Kişi o qəribə təbəssümü ilə gülümsündü, masasının yeşiyindən bir qovluq çıxarıb, qarşıma qoydu. Gördüm ki, üstündə, Qasımov İlqar yazılıb. Aç, bax dedi, bunlar səndən şikayət ərizəsi yazanlardır. Qovluğu açdım, birinci ərizənin müəllifini görəndə, gözlərim qaraldı, daha qalanına baxmadım. İmza ötən ay növbəsiz mənzil aldığım birininki idi, özü də, təzəlikcə yazmışdı ki, İlqar özbaşınalıq edir, rəhbərliklə hesablaşmır, işçilərə pis təsir edir. Qovluğu qaytarıb, soruşdum, Elşad müəllim, deyirsiniz beş-on adama görə xarakterimi dəyişim? Dedi yox, dəyişmə, yaxşısan, amma, bir az ayıq ol - yanıma xahişinə gəldiyin adamların çoxu burdadır...
    Suyum süzülə-süzülə otağından çıxdım, qapıdan keçəndə, ucadan dalımca qayıtdı ki, əjdəhasan, oğulsan! Qırışığım açıldı. Pillələri qalxa-qalxa fikirləşdim ki, bu adamlar üzümə gülə-gülə pisliklərindən əl çəkmirlərsə, mən yaxşılığımdan niyə əl çəkməliyəm... Bax, belə...

    Sual: Səni tanıyanlar bilir ki, təbiətcə lidersən. İnsanları nə ilə cəlb edirsən özünə? Bu bir bacarıqdır, yoxsa?

    Cavab: Adam lider ola bilmir ki, lider doğulur. Sonradan kiminsə havadarlığı nəticəsində xalqa lider kimi sırınan birisini çətin şəraitdə elə cılız görürsən ki, dediyim fikrin həqiqətinə istər-istəməz inanmalı olursan. Mən lap kiçik yaşımdan lider olmuşam və bütün dostlarım məni eləcə də, qəbul edib. Məktəbdə, müəllim hansı səbəbdənsə, dərsə gəlməyəndə bütün sinif bir-birinə dəyirdi, səs-küy ərşə dirənirdi. Başa düşürdüm ki, başqa siniflərə mane olmamaq üçün, Sona müəllimə duyuq düşməmiş, məktəbdən getmək lazımdır, ayağa dururdum, çantamı yığıb, yola düzəlirdim, bütün sinif də, dalımca... Hardasa, səkkizinci sinifdə anladım ki, məni lider doğublar. Amma, bir şey deyim, biləsən. Liderlik insanın ambisiyasına qəti dəlalət etməz. Ambisiyası olan adamdan, özünü isbat etməyə, liderliyini qəbul etdirməyə çalışan adamdan heç vaxt lider olmur. Düzdür, indi elə bir cəmiyyətdə yaşayırıq ki, ambisiyasızlıq özü qüsur sayılır. Amma, elə deyil, ambisiya yaxşı şey deyil, xüsusilə də, əsassız olanda. Məndə yoxdur.

    Sual: Həyatında, hamıda olduğu kimi, ağ və qara zolaqlar olub. O zolaqlardan ən çox nə qalıb yadında?

    Cavab: Olub, təbii. Məşhur və çox sevilən verilişin televiziya aparıcısı olmaq, çoxunun bütün ömrü boyu qazanmağa çalışdığı, amma qazana bilmədiyi şöhrəti, sevgini gənc yaşında görmək çətin işdir. Televiziya işi də elədir ki, istər-istəməz, siyasi proseslərə müdaxilə edirsən. Siyasət də dəyişəndə, sən dəyişməsən, oyundan kənarda qalırsan. Bizim verilişi 1991-ci ildə bağladılar, səksən nəfəri bir gündə işdən kənarlaşdırdılar. Onda bir az sındım, evdə oturdum. İş yoldaşlarım isə, öz haqlarını tələb etmək üçün davaya qalxmaq istəyirdilər. Üç gündən sonra, bizimlə birlikdə işləyən bir ahıl xanım mənə zəng vurdu ki, camaat sənin barəndə bilirsən nə deyir? Deyir ki, İlqara təzə sədr yaxşı vəzifə söz verib, ona görə bizə qoşulmur. Gördüm ki, yox, qədirbilməzliyə qarşı apatiyamı özüm bilirəm, amma camaata başa sala bilmərəm. Xanıma dedim ki, xəstə idim, sabah gələcəm. Ertəsi gün, əməlli mübarizəyə başladıq, o sədri işləməyə qoymadıq, altı aya bərpa olunmağımız barədə məhkəmə qərarını aldıq, daha bir aydan sonra isə televiziyanın sədri də, respublika rəhbərliyi də dəyişdi, Yaqub Məmmədov prezidenti əvəz etməyə başladı, Elşad müəllim vəzifəsinə qayıtdı və hamımızı yerimizə bərpa etdi. Uç ay gedib-gəldim, hökümət bir də dəyişdi, üç gündən sonra yeni sədrə ərizəmi yazıb, işdən çıxdım. Hakimiyyətə yeni gələnlərin çoxunu yaxşı tanıyırdım, dostlarım da vardı. Nə qədər etdilər, qayıtmağa razılıq vermədim. Axırda, rəhmətlik İskəndər Həmidov məni yolda tutdu. Onu orta məktəb vaxtımdan tanıyırdım, əmimin dostu idi, birlikdə işləyirdilər. Bilirsiniz nə vaxt? Bir jurnalisti təzəcə döymüşdü, mətbuat ondan yazırdı. Məni xeyli danladı ki, niyə bizimlə işləmirsən? Dedim, nədi, məni də döymək istəyirsən? Güldü. Dedim, ay İskəndər, mənim evdə iki dənə böyük oğlum var, dədələri ekrandan bir cür, evdə başqa cür danışsa, nə düşünərlər? Sizinki ilə mənimki tutmaz. Əl çəkmədi, axırda dedim ki, imkan ver bir il dincəlim, sonra JEK-də süpürgəçi qoysan da, söz verirəm işləyəcəm. Yenə əvvəlcə güldü, sonra birdən ciddiləşdi, qayıtdı ki, deyirsən yəni bizim hakimiyyət bir il işləyə bilməyəcək? Gördüm, bundan o yanası yoxdur, dedim yox, işləməyəcəksiniz. Ucadan qəhqəhə çəkdi. Axşam əmimə zəng vurub, şikayət eləmişdi məndən, əmim də demişdi ki, yəqin hirsindən elə deyib, fikir vermə... Nə isə... On ay sonra, hökümət bir də dəyişdi. Mənimlə birlikdə bərpa olanların hamısı uyğunlaşıb işləyirdi, mən bacarmazdım, mənlik deyildi. Bir sözlə, mənim qısa, amma məzmunlu televiziya karyeram elə bundan ibarət oldu – 1978-1991. Sonra, uzun müddət məni bir yana dəvət etmədilər. Məcburən xırda bizneslə ailəmi saxladım. Hər şey adamın planlaşdırdığı kimi olmur axı...

    Sual: Hec yalan danışmısan?

    Cavab: İndi desəm ki, yox, həyatım boyu altıncı yalanı da sənə demiş olacam. Düzü budur ki, mən, ümumiyyətlə yalan danışmıram. Dediyim beş yalan da ancaq məişət xarakterli, yaxud, işdə kimisə qorumaq, vəziyyəti qəlizləşdirməmək üçün dediklərimdir.

    Sual: Sənə bir sual verəcəm və bilirəm ki, məni dərhal anlayacaqsan. İlqar, ötən 30 ildən sonra necəsən?

    Cavab: İndi bir qarabağlının nə dərdi olacaq axı? Torpağımız əlimizdə, ağlımız başımızda, hər şey gözəl olacaq, çünki çətinliyin ən böyüyünü birlikdə yaşamışıq. Sağ olsun xalqımız, hökümətimiz ki, bizi bu dərdlə baş-başa qoymadı. İndi lap əlayam! Yeganə dərdimiz, el-obamızın yerinə lap tez qayıtmasıdır və bunun yolunda qarabağlılar istənilən fədakarlığa hazırdırlar. Ötən görüşümdə Prezidentin Ağdamdakı Xüsusi nümayəndəsi Emin Hüseynova dedik ki, biz ağdamlılar burada istənilən qara işdə çalışmağı özümüzə şərəf bilirik və bütün tapşırıqlara hazırıq. Sağ olsun, səmimi sözümüzü elə səmimi də qəbul etdi. Dedi ki, söz verirəm, ehtiyac olsa sizə mütləq xəbər edəcəm.

    Sual: Qələbədən sonra bir neçə dəfə Ağdamda olmusan. Dəfələrlə müsahibələr vermisən. Ancaq yenə də səndən eşitmək istəyərdim. Ağdam necədi və necə olacaq?

    Cavab: Bu tayı demirəm, o tayda cəmi iki dəfə olmuşam. Birində Komandanımız Agdamın planı ilə ağdamlıları tanış edirdi, mən də, rayon ziyalısı kimi, ora dəvətli idim, ikincisində isə, rayonumuzun ahılları adından yuxarıya səfər üçün müraciət etmişdik, sağ olsunlar, təşkil elədilər, gəzib baxdıq.
    Çox getmək istəmişəm, imkanım da olub, amma, məndən çox haqqı çatan adamların ayağı dəyməmiş, qabağa düşməyi özümə sığışdırmamışam.
    O ki, qaldı, Ağdam necə olacaq sualına, elə bəri başdan deyirəm ki, əla olacaq, çünki, Ağdam əla olmaya bilməz. Gözəl tikib, verəcəklər özümüzə, təzə şəhərə ağdamlı nəfəsini, canını isə köçəndə aparacağıq. Həmişə demişəm ki, bizi hara köçürsələr, Agdam oradı, çünki, torpağı yurd eləyən onun adamlarıdı.

    Sual: Nə sən nə ailən köçkün deyilsiniz. Ağdamda yaşamaq fikrin varmı?

    Cavab: Düzdür. Köçkün deyilik. Atam 1947-də Bakıya, universitetdə oxumağa gəlib, mən burada anadan olmuşam. Amma, ildə azı bütün tətilləri babamın evində, Poladlıda keçirmişəm. Nə bilim, bəlkə tərbiyədəndir, amma, uşaq vaxtı bizi tətilə başqa yerlərə aparmaq istəsələr narazı qalardıq, getməzdik. Yaşamağa qalanda, mən Bakıda da çox məmnunam, amma mütləq qayıtmalıyam. Çünki, böyük bir nəsilik, bəlkə də, min nəfər olarıq. Əgər mən qayıtmasam, getməyə, yurd yerini dəyişməyə tərəddüd edənləri necə həvəsləndirə bilərəm. Əgər babam Səhlik kişinin, əmilərim Fazilin, Əhliyətin, Elmanın, Nizaminin, Hümmətin, Azərin evində çıraq yandıran, ocaq çatıb xörək bişirən olmayacaqsa, nə mənası vardı bu boyda əziyyətin. Mən müharibədən sonra, Agdamın bizdəki yarısına gedəndə, gənclik dostum, icra başçısı Vaqif Həsənovla görüşdüm, camaatımızdan xoş sorağını almışdım, istəyirdim, etdiklərinə görə təşəkkür edim. O da, səbirsizliklə mənim kimi adamların qayıtmağını gözləyir. Bu barədə fikirlərimiz üst-üstə düşdü, baxdım ki, hamı, elə mənim dediyimi deyir. Odur ki, yaxın zamanlarda qayıdacam, binə salacam, ev olacam, sonra da, başlayacam qonaq-qara qəbul etməyə. Təranə, sənə də, deyirəm. Bir an belə tərəddüd etmə, qayıtmalıyıq, vəssalam!

    Sual: Sən müəyyən müddətdən sonra İlqar Əlfioğlu oldun. Əlfi Qasımovun oğlu olaraq əvvəllər də Əlfioğlu imzasıyla çıxış edə bilərdin. Niyə bu qədər gözlədin?

    Cavab: Onun əməlli tarixçəsi var. Atamın yarımçıq bir romanı vardı, dövrünün əsl bestselleri idi – “Toy gecəsi”. Onun ancaq birinci hissəsini yaza bildi, ömür vəfa etmədi. Oxucular o əsərin taleyindən çox nigaran idilər. Hər yerdə məndən soruşurdular, deyirdim ki, özüm yazacam ikinci hissəni. Fikirləşirdim ki, kitabı iki imza ilə verərəm – Əlfi Qasımov və İlqar Əlfioğlu. Neçə dəfə girişdim də. Amma sonra baxdım ki, atam o romanını yazanda, 57 yaşı vardı, mənim isə, cəmi otuz bir. Girişməyə ürək eləmədim düzü, qorxurdum ki, cavanlığıma salıb, təhrif edərəm, qəhrəmanlarına başqa tale biçərəm. Sonralar çox soruşdular, hər dəfə yaşımı bəhanə etdim, dedim ki, atam yaşına çatım, mütləq edəcəm... İndi atamdan da, az qala on yaş böyüyəm, amma yenə ürəyim gəlmir, dəymərəm. Qoy öz ömrü kimi, qəhrəmanlarının da ömrü yarımçıq qalsın, nə olacaq, bu da bir taledir. İnsanın nakamı olduğu kimi, romanın da nakamı olar... Təxəllüsümü isə, 1998-ci ildə, mətbuata ikinci dönüşümdə, anamı razı salmaq üçün götürdüm. Anam çox xiffət edirdi ki, mətbuat atamı yad eləmir. Başladım “Bugün” qəzetində köşə yazıları yazmağa. Gündəlik qəzet idi, həftədə beş nömrə yazım çıxırdı, atamın adı görünürdü, anam da, razı qalırdı...

    Sual: Əlfi müəllimlə heç ata oğul problemi yaşamışdın?

    Cavab: Yox, heç vaxt olmayıb. Kiçik qardaşım Vüqar çox dəcəl idi, ondan incidiyi vaxtları olurdu, amma məndən yox. Aramızda əməlli-başlı pərdə vardı, amma, dost idik. Bizim evimizdə bir yazıçı, ziyalı kultu vardı, onu da, anam rəhmətlik yaratmışdı. Atam yazı yazanda, az qalırdıq nəfəs almayaq ki, səsimiz çıxmasın. O qədər pərdəli idik ki, ondan pul istəməzdik. Pulu anamdan alardıq. Bir dəfə, institutdan gəldim evə, Əhmədliyə bir dostumgilə getməli idim, cibimdə pulum yox idi, anamdan alacaqdım. Gördüm ki, o da işdədir, gec gələcək. Təsəvvür edin ki, atamdan yolpulu istəyə bilmədim, eləcə, payi-piyada Əhmədliyə gedib, gəldim. Anam biləndə, məni də, atamı da, danladı...

    Sual: Siz ailədə 3 evlad olmusunuz. Üçünüz də sevgidən yarananlarsınız. Çünki valideynləriniz bir-birini çox seviblər. Bir etirafını eşitmək istərdim. Heç dəlicəsinə sevmisən?

    Cavab: Bir şey deyim, amma, səmimi qəbul elə. Elə hisslər var ki, ancaq ömüzə məxsusdur, kimsəyə danışmaram. Bircə şeyi deyim ki, həyatda dəlicəsinə heç nə etməmişəm, dəliliyim olanda da, kimsə görməyib, öz içimdə çəkmişəm. Elə şeylər var ki, mənim üçün tabudur, ancaq pıçıltı ilə, özümə deyə bilərəm. Sevgi də elədir, ucadan deyilməz. Əslində, mənim üçün, vətən sevgisi də eyni şeydir. Müharibə dövrünü çıxmaq şərtilə, heç vaxt vətənpərvər çıxış etməmişəm və elə çıxışları, bayraqla çəkdirilən şəkilləri-filanı səmimi saymıram. Mən özüm üçün, övladlarım üçün, xalqım üçün, gələcəyimiz üçün, gizlincə sevirəm. Mənim üçün sevmək, gözəlləşdirmək deməkdir, vətənə də, qadına da sevirəm deməkdənsə, elə et, mehriban, üzügülər, gözəl olsun...

    Sual: Ağdam çamaatı sənin əmin Fazil müəllimi çox yaxşı tanıyır. Sən Fazil müəllimı necə xatırlayırsan?

    Cavab: İndi Ağdamın, ağdamlıların on simvolu varsa, onun beşi Fazildir. Dəli-dolu, cəsur, müdrik, ötkəm, işbilən, yaxşı şeyə hövsələli, pisinə hövsələsiz Fazil... O yaddan çıxan deyil vallah. Qayıdaq Ağdama, evini quraq, aynamızdan işığımız gəlsin, elə bilərəm, Fazil sağdır. Burda, Bakıda dünyasını dəyişəndə Aqil Abbas qəzetində verdiyi başlığı gördüm, gözlərim doldu: “Fazil Qasımov Ağdama hamıdan tez qayıtdı...” Aqil onu tez-tez yad edir, sağ olsun. Özümüzü nə zamansa, yaxşı görmək istəyiriksə, yaxşıların xatirəsini yaşatmaq lazımdır. Yoxsa, gənclərimiz indiki dövrdə kimdən örnək götürəcəklər?..

    Sual: Ən yadda qalan uşaqlıq xatirən.

    Cavab: Son zamanlar çox düşünürəm bu barədə. Hərdən mənə elə gəlir ki, heç uşaq olmamışam. Səndə necədir, bilmirəm, amma mənim uşaqlığım yaddaşımda çox işıqlı, bəyaz bir ləkə kimi bütöv qalıb. Nə qədər əlləşsəm, fraqmentlərə, epizodlara ayıra bilmirəm. Elə bil, ömrüm iki parçaya ayrılıb, ikincisini büsbütün xatırlayıram, amma, birincisinin özü yox, dadı yadımdadır. Onun şirin tamı hələ də damağımdadır. Bəlkə də, sonrası çətin, ağır olub, ondandır. Qısası, çox xoşbəxt, işıqlı uşaqlığım olub və həmişə təəssüflənirəm ki, indiki həyatımız gələcəyimizə xoşbəxt uşaqlıq bağışlamaq kimi bir vəzifənin öhdəsindən gəlməyimizə imkan vermədi.

    Sual: Bilirəm ki, gözəlliyi görə bilirsən. Desəydim gözəlliyin portretini çək, nə çəkərdin?

    Cavab: Maraqlı sualdır. Mənə elə gəlir ki, gözəlliyin uşaqlıq portretini çəkmək istəsən istənilən insan və heyvan balasını çəkərdim. Hərdən adam balacalara baxır, yaradanın məharətinə, məxluqun mükəmməlliyinə heyran qalır. Amma, gözəlliyin yetkin portreti gözəl bir peyzajın fonunda Qarabağ ayğırıdır. Mən ümumiyyətlə atı çox sevirəm. Bəlkə uşaqlığım kəndimizdə, babamın, əmilərimin atları ilə çox əlaqədardır, ona görə. Yazıq heyvan əlimizdən bezirdi, belindən enirdik ki... Amma, zarafat bir kənara ciddi desəm, mənim üçün gözəlliyin portreti bir-neçə balası olan ailədir, amma mütləq pastoral, kənd peyzajında olsun, adam baxanda bir hüzur tapsın.


    Sual: Sənin gözəl qələmin var. Yeni romanın artıq çapdan çıxıb, mən bilən. Bir çox kitab tərcümə etmisən. Yaradıcılığın haqda özün nə deyərdin?

    Cavab: Yaradıcılıq çox böyük səslənir, yaradıcılıq deməzdim etdiklərimə. Mən cavan yaşlarımda yazıçılıqla ciddi məşğul olmaq fikrinə düşmüşdüm. Bir-iki povest, hekayə də yazdım, adlı-sanlı yazıçılar da, çox bəyəndi. Amma, çox kitab oxuyurdum. Nə deyim, doqquzuncu sinfə kimi, evimizdəki 3-5 minlik kitabxananı əzbərləmişdim. Yazmaq fikrinə düşəndə isə, oxuduqlarımı yada saldım, yazmaq istədiklərimi təsəvvür etdim və gördüm ki, mənim yazmağımdansa, yazmamağım yaxşıdır. Qısası, çox oxuduğumdan, yazıçılıq iddiasından imtina elədim. Məncə, ədəbiyyatın nə olduğunu təsəvvür etsəydilər, bizim Yazıçılar İttifaqının 1500 yox, ən çoxu 150 üzvü olardı. Mənim hətta bir kitabım “Yazıçı” nəşriyyatında çapa gedəcəkdi. Amma, qısa zamanda həyatımız elə dəyişdi ki, biz yazılarımızdan çox irəli getdik və mən vicdan hissi güclü olan birisi kimi, kitabımın nəşrindən imtina etdim. İndi bir az peşmanam, çünki o qovluq, elə nəşriyyatın özü ilə bir yerdə itdi. Mənə maraqlıdır, görəsən, indiki ağlımla o hekayələrimi necə qiymətləndirərdim. Son 15-20 ildə isə, tərcümə ilə ciddi məşğul oldum, iyirmi kitabım çıxdı. Məncə, etdiyim tərcümələr cəmiyyətə yazdıqlarımdan daha çox lazımdır. Roman dediyin isə, böyük ədəbiyyata iddialı olmayan bir həyat tarixçəsidir. Amma, əminəm ki, oxucu üçün yazılanların hamısından daha artıq məktəbdir – həyat məktəbi. Bu yaxınlarda təqdim edəcəm.

    Sual: Gəl bir yerdə tələbəlik illərinə qayıdaq. Nələri düz etmədik o vaxt? Yoxsa heç səhv etməmişik?

    Cavab: Biz hər şeyi düz etmişik. Biz öz planlarımızı quranda, tamam başqa cəmiyyətdə yaşayırdıq, istəklərimiz də, gördüyümüzə əsaslanırdı. Cəmiyyət sonradan dəyişdi, əbədi saydığımız dəyərlər, elə insan əməyinin özü kimi devalvasiya olundu, qiymətdən düşdü. Heç yadımdan çıxmaz. Bir dəfə Moskvada metronun qarşısında səliqəli geyimli yaşlı bir qadının peraşki satdığını gördüm. Əsl aristokrat obrazı idi qadın, hərəkətləri, səsi, baxışları sanki Tolstoy romanlarından gəlmişdi. Peraşki almaq üçün ona yaxınlaşan turistlərin biri ilə alman, başqası ilə fransız dilində elə danışdı ki, lap çaşdım. Amma, qarşısındakı yeşikdən buğlanan peraşkilər məni reallığa qaytardı. Onda anladım ki, başqa əyyamda yaşayırıq artıq və sabah elə bir gün gələcək ki, bu obrazları nəinki real həyatda, heç romanlarımızda da görə bilməyəcəyik. Biz tamam başqa idik, öz dilimizi mükəmməl bilməklə yanaşı, neçə dil öyrənməyə can atırdıq, indi isə öz dilində tərcümeyi-halını düz-əməlli yaza bilməyən birisi mənsəb sahibi olur, cəmiyyətə, insanlara iradəsini diktə edir. İndiki zamana baxıb, gəncliyimdə səhv etdiyimizi heç cür deyə bilmərəm.

    Sual: Həyatda itirdiklərin çoxdur, yoxsa tapdıqların?

    Cavab: Tapdıqlarım daha çox olar. Əsas məsələ, özümü tapmışam, nə istədiyimi, niyə yaşadığımı bilirəm. Hərdən jurnalistlər məndən soruşur ki, həyatınızı təzədən yaşasaydınız... Suallarını ağızlarında qoyuram, çünki, təzədən yaşamazdım, istəmirəm. Həyatımdan çox razıyam, amma bu ağır yolu bir də keçmək istəməzdim.

    Sual: Mərhum qardaşın Vüqar haqda FB da paylaşdığın bir status məni çox kövrəltmişdi. “Vüqar bağı” yaranacaqmı?

    Cavab: Rəhmətlik qardaşım Vüqar, məndən fərqli olaraq, ağdamlı xarakterinin əsl təcəssümü idi. O qədər mehriban, səmimi, vicdanlı, düzgün oğlan idi ki, onu hamı çox istəyirdi. Heyf ki, bu dünyadan tez köç elədi. Bizim kəndə məndən daha çox bağlı idi. Lap uşaq illərindən, şəhərə qayıtmaq vaxtımız yetişəndə, anam Vüqarı necə aparacağını özünə dərd edirdi, çünki, heç cür ipə-sapa yatmır, Poladlıdan getmək istəmirdi, deyir di ki, məni burda qoyun Səhlik babamgildə yaşayım, kənddə oxuyum. Təsəvvür et ki, bizim qayıdacağımız gün lap alaqaranlıqdan qalxır, babamın atını yəhərsiz minib, evdən qaçırdı. Anam da, hamını məcbur edirdi ki, Vüqarı tapıb gətirək. Kiçik əmilərim Hümbət, Azər, mən əldən-ayaqdan düşürdük tapana kimi. Kənddə biri deyirdi ki, Nədirin bağına çapdı atını, bir özümüzü ora yetirənə kimi, sorağı Şəmilin bağından, Qaradağlıdan, Qasımlıdan gəlirdi… Sonra çəmini tapdıq, Fazil əmim getməli olduğumuz gün bizə bir UAZ ayırırdı ki, atlı Vüqarın dalınca piyada gəzməyək.
    Məndən bir fərqi də vardı ki, şuluq idi, atam məcbur qalıb, 10-cu sinifdə onu Əhliyət əmimin məktəbinə yollamışdı ki, onlarda qalıb, uşaqlara qoşulmasın, dərsini əməlli oxusun. Tibb İnstitutuna girməli idi, yaxşı bilməsə, mümkün olmayacaqdı. O bir ildə, Əhliyət əmim deyirdi ki, məktəbin birinci şagirdlərdən oldu, profil fənlərinin hamısını 5 qiymətə öyrəndi . İnstituta da girdi, amma taleyi alınmadı. Nə isə… Vüqar nakam getdi, amma bizim beş para kəndin ahıl kişiləri indi də, məni hər görəndə onu yad edirlər. Fikiləşirəm ki, inşallah, öz kəndimizdə, yatağında daim futbol oynadığı, çox sevdiyi Qarqarın sahilində adına bir bağ salım, bulaq qurum, camaatın gəzmək, dincəlmək yeri olsun, adı da, “Vüqar bağı” olsun ki, qardaşım da, öz kəndimizdə yaşasın. Nə bilim… Allah qismət eləsə, mütləq olacaq.

    Sual: Bu yaxınlarda sənin doğma bacın Gülnar Verdiyevanın bəstələdiyi mahnı müsabiqədə birinci yerə layiq görülüb. Sənin musiqiyə münasibətin necədir?

    Cavab: Musiqiyə normal adamın yaxşı münasibəti olur, çünki, duyğuların səsdə təcəssümünür. Amma, ağdamlı olmağımıza baxmayaraq, bizim nəsində güclü səs yoxdur, kimsə oxumur. Əvəzində elə bir musiqi duyumumuz var ki, şəxsən mənə, bəlkə kamerton da həsəd aparar. Oxucular üçün deyim, birdən bilməzlər. Kamerton musiqi alətlərinin səsini dəqiq kökləmək üçündür...
    Gülnar isə dödr yaşından musiqi ilə məşğul idi, əvvəlcə, Bülbül adına məktəbi, sonra Konservatoriyanı bitirib, indi alimdir, İncəsənət Universitetində musiqi nəzəriyyəsindən dərs deyir. Onun mahnı bəstələməyi bizim üçün yeni şey deyildi, çünki balacalıqdan məşğul idi. İndi də, sistemli işləsə, yazsa, mütləq seviləcək, çünki, yaxşı, peşəkar mahnı həqiqətən ələ düşmür. ANS şirkətlər qrupunun təşkilatçılığı ilə bu yaxınlarda keçirilən vətənpərvərlik mahnıları müsabiqəsinə iki mahnısını vermişdi, hər ikisi öz nominasiyasında birinci mükafat aldı...
    Musiqi gözəl şeydir, onunla nə qədər çox insan məşğul olsa, bir o qədər yaxşıdır, çünki musiqi ilə yaşayan insan xəbis, paxıl, qərəzli ola bilməz. Bizim də ki, yaxşı adamlara xalq olaraq ehtiyacımız var.

    Sual: Mənə elə gəlir ki, sən indi ikinci cavanlığını yaşayırsan. Çünki qələbədən sonra sən sanki həyata yenidən gəlmisən. Bu görünür, hiss olunur. Özün də bunu eytiraf edirsənmi?

    Cavab: Bilmirəm bu suala necə cavab verim... Sən ikinci cavanlıq deyirsən, amma, qəbul edə bilmirəm, çünki, Qarabağ problemi başlayanda cəmi otuz üç yaşım vardı və hesab eləmirəm ki, ondan sonra cavanlığımı yaşaya bildim... Mənim üçün indi yaşadığım ömür payı, elə birinci cavanlığımdır, onu dolu-dolu ilk dəfədir yaşayıram. Nə qədər sürəcəyini bilmirəm, amma çox istərdim ki, Ağdama, Qarabağa ellikcə dönüşümüz bu cavanlığımda başa çatsın, lap bir az da qalsın ki, ləzzətini özüm də dada bilim...

    İlqar, o qədər mehriban, səmimisən ki, səninlə söhbət edəndə vaxt anlayışı itir. Səninlə doğma Ağdamda, Poladlıda görüşmək arzusuyla sağollaşıram. Sənə möhkəm can sağlığı arzu edirəm və ürəyindən keçən bütün arzuların çın olmasını istəyirəm.Dəvətimi qəbul edib “Səmimi söhbət”in qonağı olduğun üçün təşəkkür edirəm.

    Dostlar, bizimlə birlikdə olduğunuz üçün hər birinizə təşəkkür edirəm və "Səmimi söhbət"də yenidən görüşmək arzusuyla ayrılıram sizdən. Təki ömür möhlət versin.

    Söhbətləşdi: Təranə Məmməd


    Facebook-da paylaş


MədəniyyətBütün Xəbərlər